http://www.leader.ir/langs/az/index.php?p=leader_imam
Bildiyiniz kimi, uzaqgörənlik və idarəçilik bacarığı hər bir hökumət başçısı
üçün əsas şərtlərdir. Lakin İslam hökumətinin başçısı, yəni vəliyyi-fəqih üçün
başqa zəruri şərtlər də vardır ki, onlardan ən əsası aşağıdakı iki şərtdir:
1) İlahi qanunları bilmək;
2) Ədalətli olmaq.
Belə ki, Həzrət Peyğəmbərin (s) vəfatından sonra xəlifə olacaq şəxs barədə
müsəlmanlar arasında fikirayrılığı yaransa da, o zamanlar belə, xəlifənin
bilikli bir şəxs olması barədə heç bir ixtilaf yox idi.
1) İslam hökuməti İlahi qanunların rəhbər tutulduğu bir hökumət olduğu üçün
hədislərə əsasən bu hökumətin başçısı qanunları bilməlidir. Təkcə hökumət
başçısı deyil, vəzifəsindən və peşəsindən asılı olmayaraq cəmiyyətin hər bir
fərdi onlara hakim olan qanunları bilməlidir. Lakin başçının bu qanunları
hamıdan daha yaxşı və daha ətraflı bilməsi zəruridir. Məsum İmamlar (ə) da
Peyğəmbərin (s) canişinliyinə hamıdan daha layiqli olduqlarını sübuta yetirərkən
elə bu məsələni irəli surüblər. Yəni, bir İslam xəlifəsi elmdə hamıdan üstün
olmalı və İlahi qanunları hamıdan daha yaxşı bilməlidir. Peyğəmbərdən (s) sonra
İslam xilafətinin başına keçən bəzi xəlifələrə tutulan iradlar da elə bu
qəbildəndir. Belə ki, bu xəlifələrdən bəzisi onlara verilən şəri suallar
qarşısında aciz qalmış, hətta öz acizliklərini etiraf da etmişlər. Bundan daha
pisi odur ki, onlar şəriət qanunlarını bilmədiklərinə görə həmişə bu qanunlara
zidd rəftarlar etmişlər.
İslam dini baxımından İlahi qanunları bilmək və ədalətli olmaq hər bir İslam
hökumətinin başçısı üçün əsas şərtlərdəndir. Başqa elmləri bilmək bunun qədər
əhəmiyyət daşımır. Məsələn, təbiət qanunlarını kəşf etmək və təbiət elmləri
sahəsində yüksək elmi dərəcəyə malik olmaq, yaxud incəsənət və musiqi sahəsində
mütəxəssis olmaq rəhbərlik üçün əsas götürülmür və hər hansı bir şəxsdə bu
imtiyazların olması əsas vermir ki, qanunları bilən və ədalətli olan bir fərddən
öndə tutulsun.
Bir İslam hökuməti başçısının İlahi qanunları mükəmməl şəkildə bilməsi, eyni
zamanda ədalətli, imanlı və əxlaqlı bir fərd olması Həzrət Peyğəmbərin (s) və
məsum İmamların (ə) dövründə geniş surətdə bəhs edilən mövzulardan biri
olduğundan müsəlmanlar üçün aydın bir məsələ idi. Bu isə tamamilə məntiqə
uyğundur. Çünki İslam hökuməti fərdlərin deyil, İlahi qanunların hakimiyyətidir.
Bir sözlə, İlahi qanunları bilməyən bir şəxsin İslam hökumətinin başçısı olmağa
və müsəlmanlara rəhbərlik etməyə səlahiyyəti yoxdur. Əks təqdirdə, onun
hakimiyyəti iqtidardan düşər. Çünki belə bir fərd ya qanunları kimdənsə
soruşacaq və necə deyərlər, başqasının dediyinə qulaq asmalı olacaq, ya da İlahi
qanunları bilmədiyi üçün, ümumiyyətlə, onları icra edə bilməyəcəkdir.
Digər tərəfdən, dini ədəbiyyatda belə bir hədis qeydə alınmışdır: “Fəqihlər
padşahların hakimidirlər”. Bu hədisə əsasən İslama tabe olan padşahlar qanunları
və göstərişləri fəqihlərdən almalıdırlar. Bu halda isə həqiqi hökmdarlar elə
fəqihlər olacaqdır. Odur ki, İlahi qanunları bilməyən və buna görə də lazımi
göstərişləri fəqihlərdən almaq məcburiyyətində qalan fərdlərin deyil, fəqihlərin
hakimiyyətdə olması daha məntiqə uyğundur.
2) İslam hökumətinin başçısı son dərəcə imanlı və insani keyfiyyətlərə malik
olmaqla yanaşı, həm də ədalətli olmalıdır. Şübhəsiz ki, İslamın cəza hökmlərini
icra edən, müsəlmanların büdcəsinə başçılıq edən və Allah-Taala tərəfindən
insanların həyatını idarə etmək məsuliyyəti daşıyan şəxs günah işlətməməlidir.
Əks təqdirdə, Allah zalım bir şəxsə belə bir məsuliyyəti əsla verməz.
Sözsüz ki, əgər rəhbər ədalətli olmasa, vergilərin yığılmasında və onların
xərclənməsində ədalət üzrə rəftar etməyəcək, öz qohum-əqrabasını vəzifə başına
gətirib, şəxsi istəklərini həyata keçirmək üçün müsəlmanların beytül-malını
(büdcə) xərcləyəcəkdir.
Mərcəyi-təqlid olmaq şərt deyil
Mən əvvəldən bu əqidədə idim və təkid edirdim ki, rəhbər üçün mərcəyi-təqlid
olmaq şərt qoyulmasın. Xubriqan məclisi ədalətli bir müctehidi rəhbər seçə
bilər. Xubriqan məclisinin üzvlərini camaat seçir və onlar da, öz növbəsində
ədalətli bir müctehidi İslam hökumətinə rəhbər seçirlər. Belə bir fərdin
rəhbərliyi qanunidir və verdiyi hər bir hökmə tabe olmaq vacibdir.
RƏHBƏRLİK ÖRNƏYİ
Rəhbər məhkəmədə
İslamın zühur etdiyi ilk dövrlərdə yalnız iki dəfə həqiqi İslam hökuməti
quruldu. Onlardan biri elə Həzrət Peyğəmbərin (s) öz dövründə Mədinədə qurduğu
hökumət, digəri isə, Həzrət Əli ibn Əbu Talibin (ə) Kufədə qurduğu hökumətdir.
İslamın mənəvi dəyərləri və İlahi qanunlar yalnız bu iki hökumətdə rəhbər
tutuldu. Sözün əsl mənasında, ədalətli bir hökumət quruldu və hökumət başçısı da
heç bir qanun pozuntusuna yol vermədi. Sonralar tarix boyu belə bir hökumət
qurulmadı. Elə bir hökumət ki, qanun qarşısında rəhbərlə, yəni, dövlət başçısı
ilə cəmiyyətin ən aşağı təbəqəsindən olan bir fərd arasında heç bir fərq
qoymurdu. Tarixdə Həzrət Əli (ə) barədə belə bir əhvalat qeydə alınıb:
Həzrət Əli (ə) xəlifə olduğu dövrdə – belə ki, o vaxtlarda İslam xilafətinin
hüdudları Hicazdan Misirə, İrana və digər məntəqələrə qədər genişlənmişdi və bu
məntəqələrin valilərini və qazilərini o Həzrət (ə) təyin edirdi – Yəmənli bir
şəxs məhkəməyə o Həzrətdən (ə) şikayət etdiyi üçün qazi (hakim) onu məhkəməyə
çağırtdırır. Həzrət Əli (ə) içəri daxil olduqda hakim ehtiram əlaməti olaraq
ayağa qalxmaq istəyir. Həzrət (ə) buyurur: “Mühakimə apararkən iki müqabil
tərəfdən birinə ehtiram göstərməyin! Qanun qarşısında mənimlə onun arasında heç
bir fərq qoymayın!” Məhkəmənin sonunda o Həzrət (ə) qazinin onun zərərinə
verdiyi hökmə də tabe olur.
İslam hökumətində qanun qarşısında hamı, istər hakim olsun, istər imam, istərsə
də cəmiyyətdə adi bir fərd olsun, bərabər hüquqa malikdir. Çünki bu qanunlar
İlahi qanunlardır və Allah qarşısında ayrıseçkiliyə yol verilmir.
Rəhbər xalq arasında
İslam hökumətinin rəhbəri padşahlara bənzəmir. O, Mədinənin kiçik məscidinə
gələr və orada camaatın sözünü, şikayətini və istəyini dinləyərdi. İçəriyə daxil
olan şəxs kimin Peyğəmbər (s) olduğunu ayırd edə bilməzdi. Geyimi, rəftarı və
görünüşü adi camaatdan fərqlənməzdi. Onun qurduğu hökumətdə qanunun icrasında da
heç kimin arasında fərq qoyulmazdı. Əgər cəmiyyətin sıravi bir fərdi ali məqamlı
bir fərddən şikayət etsəydi – yuxarıdakı əhvalatda gördüyünüz kimi – onların hər
ikisi məhkəməyə çağırtdırılar və ədalətli hökm çıxarılardı.
Rəhbər diktator deyil
İslam hökumətində İlahi qanunlar hökm sürür. Belə ki, Peyğəmbərin (s) özü də bu
qanunlara tabe idi və onları pozmağa haqqı yox idi, heç pozmurdu da. Allah-Taala
ona buyurmuşdu ki, əgər Mənim dediyimin ziddinə bir söz desən, səni
kənarlaşdırar və əlaqəni kəsərəm.
Deməli, İslami hökumətdə fərdin hakimiyyəti deyil, Allahın hakimiyyəti
bərqərardır. Ümumiyyətlə, “diktatorluq” anlayışı “ədalətli fəqih” anlayışı ilə
ziddir. Ədalətli şəxs o şəxsə deyilir ki, günah işlətmir və sözün tam mənasında,
İlahi qanunlara tabedir.
RƏHBƏRİN SƏLAHİYYƏT HÜDUDLARI
Əgər ədalətli bir fəqih ayağa qalxsa və İslam hökuməti qursa, o, cəmiyyətin
idarəçiliyində Peyğəmbərin (s) malik olduğu səlahiyyətlərə malik olur.
Müsəlmanlar da ona tabe olmalıdırlar. Bir İslam hökumətinin başçısı adı altında
Həzrət Peyğəmbərin (s) səlahiyyətinin Həzrət Əlidən (ə) artıq olduğunu, Həzrət
Əlinin (ə) səlahiyyətinin də ədalətli bir fəqihdən artıq olduğunu düşünənlər
yanılırlar. Doğrudur ki, Peyğəmbər (s) mənəviyyat baxımından hamıdan üstündür və
ondan sonra bu məqamda Həzrət Əli (ə) dayanır, lakin bu üstünlük hökumət
başçısının səlahiyyətini artırıb-azaltmır. Deməli, hədislərdə Vəliyyi-fəqih adı
ilə vurğulanan hal-hazırki İslam hökumətinin başçısı heç bir fərq olmadan
vergilərin yığılması və büdcənin xərclənməsi, ordunun yaradılması və təchizatı,
valilərin və hakimlərin təyin olunması kimi Peyğəmbərin (s) malik olduğu
səlahiyyətlərə malikdir.
İmam Zamanın (əc) qeybdə olduğu dövrdə ədalətli bir fəqihin Peyğəmbər (s) və
məsum İmamların (s) hakimiyyət səlahiyyətlərinə malik olması bəzilərində belə
bir səhv təsəvvür yaratmasın ki, ədalətli fəqih Peyğəmbərin və İmamın məqamına
yüksəlmişdir. Çünki burada söhbət məqamdan deyil, vəzifədən gedir.
Vəliyyi-fəqihin vəzifəsi ağır və mühüm bir vəzifədir. Ölkəni idarə etmək və
şəriətin qanunlarını icra etmək onun öhdəsinə düşür. Eyni zamanda bu vəzifə onu
peyğəmbərlik və imamlıq məqamına da yüksəltmir.
Baxın, Vəliyyi-fəqihin vəzifəsi İlahi qanunları icra etməkdir. Əgər bəzilərinin
düşündüyü kimi Peyğəmbərlə (s) İmamın (ə) və İmamla (ə) Vəliyyi-fəqihin
səlahiyyətləri arasında fərq varsa, deməli, səlahiyyəti az olan şəxs bəzi İlahi
qanunların icrasından azad olmalıdır, yoxsa İlahi qanunlar əsla dəyişilməməli və
tələb olunduğu şəkildə icra olunmalıdır? Sözsüz ki, hökumətin başında duran
fərdin məqamından asılı olmayaraq, İlahi qanunlar olduğu kimi icra olunmalıdır.
Nəticə etibarilə, məqamından asılı olmayaraq İslam hökuməti başçısının
səlahiyyətləri dəyişilməz olaraq qalır.
Həzrət Peyğəmbəri (s) müsəlmanlara rəhbər edən və rəhbərlik səlahiyyətlərini ona
verən Allah-Taaladır. İslamın əziz Peyğəmbəri (s) təkcə İlahi qanunları
insanlara çatdıran elçi deyildi, həm də bu qanunların icrasını təmin etmək
vəzifəsi onun öhdəsinə qoyulmuşdu. İslam hökumətinin başçısı Peyğəmbər (s)
olduğu zaman ona itaət etmək müsəlmanlara vacib olduğu kimi, belə bir mənsəbə
keçən ədalətli fəqihə də itaət etmək vacibdir.
Müsəlmanların mənafeyinin qorunması üçün alınan qərarlar
Vəliyyi-fəqih İslam və müsəlmanların mənafeyinin qorunması istiqamətində bir
sıra qərarlar qəbul etmək səlahiyyətinə malikdir. Məsələn, əgər ehtiyac
duyularsa, o, bir məscidin bağlanmasına, hətta dağıdılmasına, bağlanılan
müqavilələrin ləğv edilməsinə, həcc kimi ibadi bir mərasimin müvəqqəti
dayandırılmasına da hökm verə bilər.
Vəliyyi-fəqihin fövqəladə səlahiyyəti
Müqəddəs İslam şəriətində digər hüquqlar kimi mülkiyyət hüquqları da
toxunulmazdır. Lakin xüsusi mülkiyyət İslamın və müsəlmanların manafeləri
əleyhinə istifadə edildiyi zaman Vəliyyi-fəqih onu sahibindən almaq və müsadirə
etmək səlahiyyətinə malikdir.